Yalançının evi və ya Tərlan və yalan

Müəllif: Gülzar İbrahimova

Sinfimizdə bir oğlan, 
Danışardı hey yalan,
Yalandan and içərdi,
“Allah haqqı” deyərdi. 

Gopçü, yalançı Tərlan!
Deyərdi ona Aslan:
Yenə nə uydurursan,
Hamını aldadırsan?

İşinlə məşğul ol sən!
Yalançı deyiləm mən!
İnanmırsan, inanma
Bu qədər paxıl olma!              

Karateyə gedirəm,
Çoxlu fəndlər bilirəm,
Sağ ayaqla hamını, 
Vurub yerə sərirəm!

Məşqçimiz deyir “Əhsən”
Əgər sən belə getsən, 
Çempion olacaqsan,
Halaldır sənə Tərlan!

Hovuzda yüz metrəni, 
Bilsəz necə üzürəm!
Şahmatda qalib gəlib, 
Hamını “mat” edirəm!

Şahmatı da bilirsən?
Əlbəttə ki bilirəm!
Yenə yalan deyirsən!
Sən də bir yalan desən!

O günü şahmat üzrə, 
Beynəlxalq yarışdaydım,
Bir türkə qalib gəlib,
Birinci yerə çıxdım!

Evdə, çöldə, hər yanda
Metroda, avtobusda
Danışardı, hey yalan
Bizim bu gopçu oğlan!

Ana, bu gün cəbrdən,
Məsələ elədim mən!
Müəllim dedi mənə,
“AfərinTərlan”, sənə!

Ana dedi “Doğurdan? 
Demirsən mənə yalan,
Qoy atan işdən gəlsin,
Ona deyək, sevinsin!

Hamı deyərdi ona, 
“Bəsdir”, sən dedin yalan!
Qulaq asmazdı Tərlan, 
Danışardı hey yalan...

Bir gün bizim bu Tərlan,
Oyun oynayan zaman, 
Tüstüləndi qəfildən, 
Planşet yandı birdən!

Tez atdı onu yerə,
Əli yanmasın deyə.
Kömək eləyin, aman! 
Qışqırdı bərkdən Tərlan!

Pərdə alışdı, yandı,
Süfrə də alovlandı,
Gördü ki yanır hər yan,
Telefonu götürüb
Hamama qaçdı Tərlan.


101-ə zəng elədi:
Burda yanğın var, -  dedi.
Tez gəlin, hər yer yanır, 
Döşəmə alovlanır, 
Nə olar, kömək edin,
Evimizi xilas edin!

Tərlan tez-tez zəng edər,
101-i aldadardı,
“Burda yanğın var”, deyər,
Tez dəstəyi asardı.

Nöbətçi yalançını 
Səsindən tanıyardı.
“Uşaqdır,yəqin bir gün, 
Ağıllanar, deyərdi”. 

Bu dəfə o hirsləndi:
“Daha bəsdir də!”, dedi. 
Ayıbdır sənə oğlan,
Yetər, sən dedin yalan!
Kimdir sənə inanan...
Hardadır sənin atan?
Tez çağır, gəlsin anan!

Deyib, dəstəyi asdı.
Zəng vurub 102-yə, 
Polisi başa salıb, 
Tərlangilə yolladı. 

Bu zaman yazıq Tərlan, 
Qışqırırdı:  “Ay aman,
Hardasız ata, ana?”.
Ağlayırdı hamamda.

Yandı, evimiz yandı, 
Hər tərəf alovlandı!
Telefon da işləmir,
Köməyə heç kəs gəlmir!

Polislər tez gəldillər 
Evi yanan görəndə 
Tez qonşudan su çəkib,
Yanğını söndürdülər!
Xilas edib Tərlana,
Tibbi yardım etdilər.

O gündən daha Tərlan,
Heç vaxt demədi yalan!
Öymədi öz-özünü,
Dedi sözün düzünü! 

Belə yerdə deyiblər,
Ağsaqqallar, müdriklər:
“Yalançının evi yandı,
Heç kim ona inanmadı!”.