Ayna və Aydan

Müəllif: Gülzar İbrahimova

Bizim bu tənbəl Aydan,
Doymur heç vaxt yuxudan.
Ata deyir "Qızım dur,
Ana deyir, "Nazım, dur!"
Aydan oyanıb, durmur
Belə deyir yalandan
Azca yatım, duraram! 
Baba deyir, yenə sən
Dərsə gecikəcəksən!
Nənəsi deyir, Aydan,
Qız, bəsdir yatdın, oyan! 
Hər gün səhər tez dursan,
Sağlam, gümrah olarsan
Dərsinə çatdırarsan!
Aydan baxır saata 
Deyir hələ var vaxta 
Bir az yatım, gedərəm...
Qorxmayın, gecikmərəm! 
Bir də duranda Aydan,
Deyir: "Aman, vay aman!",
Mən yuxuya qalmışam,
Məktəbə yubanmışam,  
Müəllim danlayacaq,
Yenə küncə qoyacaq.
Soruşsa nə deyərəm,
Nə bəhanə edərəm? 
Belə düşünüb Aydan, 
Tez qalxdı yatağından, 
Nə əl-üzünü yudu,
Nə saçını daradı.
Nə bir qurtum çay içdi, 
Nə də ki, çörək yedi.
Geyindi paltarını, 
Götürdü çantasını, 
Qaçaraq, birnəfəsə,
Tələsik getdi dərsə.
Onu görüb uşaqlar
Qəribə baxışdılar
Gülüb pıçıldaşdılar,
Aydandan danışdılar:
- Yenə tənbəl gecikib,
Corabı taykeş geyib.
Axşam yəqin gec yatıb,
Səhər yuxuya qalıb.
Müəllim hirslənəcək,
Ona "Tənbəl" deyəcək!
Amma belə olmadı,
Hamı məəttəl qaldı.
Müəllim nə danladı,
Nə "iki" yazdı ona. 
Çıxarıb çantasından, 
Ayna verdi Aydana. 
Ayanaya baxıb Aydan, 
Utandı saçlarından.
Çirk görüb gözlərində,
Lap iyrəndi özündən.
Zəhləsi getdi o an,
Aynadakı Aydandan.
Başını saldı aşağı, 
Gördü taykeş corabı,
Xəcalətdən o "öldü", 
Başqa Aydana döndü.
Dəyişıldi o vaxtdan,
Aydan doydu yuxudan, 
Tələsmədən geyindi,
Səhər yeməyi yedi.
Corabi tərs geymədi,
Məktəbə gecikmədi,
Oldu qəşəng qız Aydan,
Mən də şeir yazdım ondan!