Şah və Сavan

Müəllif: Gülzar İbrahimova

Gülzar İbrahimova 
(nağıl-poema) 

Deyirlər qədimdə bir padşah varmış,
Varı-dövləti başından aşarmış,
Yaşayarmış onun xəlqi firavan,
Sevinc içərisində hər bir insan,
Çalışardılar zəhmətlə gündüzlər,
Rahat-rahat yatardılar gecələr.

Məmləkətdən hey gələrdi ney səsi,
Kəsilməzdi bülbüllərin nəğməsi.
Meydanda at oynadardı cavanlar,
Bulaq başına yığışardıqızlar.
Xalqın şad gününə sevinərdi şah,
Şükr edib deyərdi: “Ey Qadir Allah!
Elimi-obamı qoru pis gözdən,
Kəramətini əskik etmə bizdən!”.

Sənsən külli-aləmi sevindirən,
Səadəti insanlara bəxş edən!
Dua edirəm Sənə ey Yaradan,
Qoru bizi şərdən, bir də böhtandan!
Yalan olan yerdə yaşamaq olmaz,
Nə qədər pul qazan, bərəkət tutmaz.
Ey dünyanı gözəllikdən Yaradan! 
Qoru bizi şərdən, bir də yalandan! 

Rəiyyətini padşah çox sevərdi,
Xalqı yolunda canından keçərdi.
O, müdrik, rəhmdil bir hökmdardı, 
El-obanın qayğısına qalardı.
Pislik eləyəni tənbeh edərdi,
Yaxşılara ənam, xalat verərdi.
Ürəkdən sevərdilər Hökmdarı,
Vardı yurdun bir gözəl Tacidarı.

Amma şahın vardı bir böyük dərdi,
Dərdini şah ürəyində çəkərdi.
Özündən sonra şah kim olacaqdı,
Taxtı-tacında kim oturacaqdı?
Deyə bilmirdi heç kəsə sirrini,
Bu sirr didirdi şahın ürəyini:
“Birdən taxtı-taca gəlsə bir nadan
Yazıq xalq nə yolla qurtular ondan?
Övladım da yox ki, çıxsın taxtıma,
Yəqin belə yazılıbdır baxtıma.
Heyf ki vəzir də qocalıb, düşüb,
Mənim tək onun da beli bükülüb.

Bir gün şah toplayıb saray əhlini,
Qərara gəldi ki açsın sirrini,
Camaat, - söylədi məni eşidin,
Qocalmışam, özünüzə şah seçin!
Şah belə deyəndə bikef oldular,
Şahın ətəyindən möhkəm tutdular:
“Yox!” -Dedilər - vardır bizim şahımız,
Şah seçməyə yoxdur ehtiyacımız!
Şah dedi: ”Mən artıq çox qocalmışam,
Yaxşı-pis ömrümü başa vurmuşam.
Uşaq oynamaq xoşlar, qoca yatmaq,
Tanrı yazana qarşı olmaz çıxmaq!
Bilirsiz qocalıq gəldi, getməzdir,
Cavanlıq da keçdi, geri dönməzdir. 
Yox, özüm gərək sizə bir şah tapam,
O da olsun mütləq bir halal adam.
Halal olan heç vaxt etməz xəyanət,
Yaxşıya, pisə verər düzgün qiymət.
Halallıq olarsa, artar bərəkət,
Camaat yaşayar firavan, xoşbəxt.

Sonra şah əmr edib, dedi: “Ey bağban,
Get mənə gül toxumu gətir bağdan! 

Carçılar, hər yanda siz də car çəkin, 
Şah olmaq istəyən saraya gəlsin!
Amma bir şərtim var, deyim əvvəldən,
Sonra heç kəs inciməsin qoy məndən!
Halal olmalıdır bura gələn kəs,
Yoxsa qəzəbimdən qurtula bilməz!

Elə ki meydana toplaşdı hamı,
Seçdilər qırx nəfər cavan adamı.    
Dedi şah: Hamınız toxum götürün, 
Onu əkin, becərin və böyüdün!
Aranızdan birini seçəcəyəm,
Onu özüm imtahan edəcəyəm.
Toxumu aparıb evdə əkərsiz, 
Ona qulluq edib becərərsiniz.
Bilin,  toxumları olmaz dəyişmək, 
Ya əkməyə bir başqasına vermək.
Halal kəsə yaraşmaz desin yalan, 
Onda halal olmaz, o olar haram,
Düz qırx gündən sonra saraya gəlin,
Əkdiyiniz gülü mənə gətirin!
Güllər içində ən gözəli olan 
Hər tərəfə şaxələnib boy atan,
Tər qönçəsi, ətri ruhu oxşayan,
Gülün sahibi verəcək imtahan 
Şah qarşısında keçəcək sınaqdan
Ola bilər həmin adam olsun şah,
Yolunuzu açıq eləsin Allah! 

Qırxıncı gün hamı gəldi sevincək,
Əllərində hərə gözəl bir dibçək.
Baş əydilər qüdrətli hökmdara,
Dibçəkdə gülləri verdilər şaha.

Dörd bir yana düzüldü tər dibçəklər,
Hər tərəfə ətir yaydı çiçəklər,
Gül qönçələr dayanmadan açırdı, 
Ətrafa xoş bir gözəllik saçırdı. 
Belə güllər saraylarda olardı,
Özü də “Məxmər gülü” adlanardı.
Amma gözəl gülləri görüncə şah,
Bikef olub dərindən çəkdi bir “ah”,
Soruşdu: “Qalmadı daha bir adam?”.
Dedilər: “Gəlməyib bir cavan oğlan!”.
Heç bir xəbər-ətər də yoxdur ondan?
Şah! Biz də qalmışıq ondan nigaran!
Şah əmr etdi: “Tez göndərin çaparı, 
Yanıma gətirsin həmin cavanı!”.


Cavan çaparı görüb kədərləndi,
Ona təəssüflə belə söylədi:
Əkdiyim gül bitmədi, neyləyəydim,
Nə üzlə şah hüzuruna gələydim?
Soruşsaydı, “Hanı əkdiyin çiçək?”,
Xəcalətdən yerə girəydim gərək!
Biganə olmusan şahın əmrinə,
O da qəzəblənib, nə deyim sənə?
O biri adamlar alacaq ənam,
Bəlkə sənin yerin olacaq zindan!
Sus, çapar, gəl belə haqsız danışma,
Nahaq məni qorxutmağa çalışma!
Cücərmədi, nə səbəbdən bilmədim,
İndi mən saraya nə üçün gedim?
Əmr var ki, saraya getməlisən,
Özün hər şeyi şaha deməlisən!
Günahın olsa cəza alacasan,
Olmasa, evinə qayıdacaqsan!
Gedək! Şah heç bir vaxt haqsız iş görməz,
Günahsıza nahaqdan cəza verməz!

Şahın hüzurunda cavan baş əydi,
Başını qaldırıb hörmətlə dedi:
Mən də hamı kimi toxumu əkdim,
Nəsə cücərmədi, gübrə, su verdim,
Şah əhv etsin, bağışlasın xətamı.
Bağışlamazsa, çəkərəm cəzamı.

Şah çavana qulaq asıb sevindi,
Bağrına basıb, ona, “əhsən”, dedi.
Cavan qorxdu, düşündü ki, görəsən,
Şah nə səbəbdən ona dedi, “Əhsən”,
Sonra şah həmin cavanı göstərdi,
Onu tərif edib hamıya dedi:

Odur məmləkətdə ən halal adam,
Yalan danışmayan, sözü düz olan!
Baxmayaraq, hamını aldatmışdım,    
Toxumları xəlvəti qaynatmışdım,
Heyf ki, hamıda toxum cücərdi,
Açan güllər məni məyus elədi.

Bircə ümid verdi mənə bu cavan,
Məni aldatmadı, demədi yalan.
Saraya dibçəyi o boş gətirdi,
Dedi, mən neylədim, toxum bitmədi.

Cavanın qabını boş görəndə mən, 
Heç bilmədim neyləyim sevincimdən.
Ömrüm boyu mən yalan deməmişəm, 
Heç nəyi xalqımdan gizlətməmişəm. 
Bu gün məni aldatdı neçə cavan,  
“Gül əkmişik”, söylədilər yalandan!

Görünür cavan, sən halal adamsan.
Yalandan, haramdan uzaq insansan!
Eşit, sənə vardır neçə sualım,
Ki görüm necədir, ağlın, kamalın?
Cavan ədəblə dedi:  - Buyurun,şahım!

Dünyada qorxduğun varmı bir adam?
Çox qorxaram Tanrıdan qorxmayandan!

Söylə nə tövsiyən vardır şahlara?
Şahmat qurtaranda şah və piyada,
Hər ikisi olar dar, boş qutuda!

Səncə bir qocaya yaxşı dərs keçsən,
Onusən sənətkar edə bilərsən?
Qocanı öyrədib, ona dərs desən, 
Demək ki, ölüyə sən dərs keçirsən!

Bacarıq şagirddə olar, ustada?
Yaxşı şagird ustad olar ustada!

Cavan demək, sən hər şeyi bilirsən?
“Hər şeyi bilirəm” heç vaxt demərəm,
“Bilirəm”, deyənlər cox şeyi bilməz,
Heç bir sənəti dərindən öyrənməz! 

Ən gözəl bir qızla evlənərsən sən?
Yox,  əvvəl o qızdan soraq alaram,
Ondan nə desələr qulaq asaram.
Yaxşı söz eşitsəm,qızı taparam,
Yox, pis söz eşitsəm, tez qayıdaram.
Ceyran çöldə gəzər, gözəl qız dildə,
Insanı məhv edər zəhərli dil də,
Çox gözəl olsa da, ilan nə qədər,
Dilinin altına toplayar zəhər.

Bəs kiminlə dostluq eləmək olmaz?
Yaxşılıq bilməyənin dostu olmaz!

İnsana vacib olan iki şey nədir?
Ən çox sağlamlıq və ağıl vacibdir!

Bəs həyat yoluna nur səpən nədir?
İnsanın savadı, bir də elmidir.

İnsana düşmən qazandıran nədir?

Hər kəsin özünün acı dilidir!

İnsan nə vaxt şan-şöhrətə yüksələr?
Çox xeyirxah işlər görərsə əgər!

Var-dövlətsiz adam necə yaşayar?
Qızıldan, gümüşdən söylə, nəyin var? 
Varlılığa tələsən, tez kasıb düşər, 
Səadət qızılda, puldadır məgər?
Qızıldan qiymətli bir torpağım var,
Nə vaxt zəhmət çəksəm o qızıl olar!

Bu yaşda bu qədər hardan bilirsən?
Həm müdrik bir şahın rəiyyətiyəm, 
Həm də bir müdrikdən dərs alıram mən.

Şah səbrlə qulaq asdı cavana,
Heyran oldu onuncavablarına.
Dedi: -Cavan, xahiş edirəm səndən,
Bu gündən şahlığı qəbul edəsən!
Elimdən-obamdan alım ixtiyar,
Səni öz yerimə qoyum hökmdar!