Donmuş  uşaqlıq illəri  

Müəllif: Gülzar İbrahimova

- Qışa hazırlıq necə gedir? – deyə direktor müavindən soruşdu. 
- Bütün işlər qaydasındadır. Cihazlar qoşulub. Siniflər isidilib, təkcə 11 a sinfindən başqa. 
- Səbəb nədir? Niyə isinmir 11a?
Müavin cavab vermək əvəzinə günahkar şəkildə başını aşağı saldı. 
Nə qədər iclas elədilər, nə qədər tədbir gördülər, 11 a sinfi isinmədi ki, isinmədi. Dərs vaxtı uşaqlar soyuqdan az qala donurdular. 
Qış sona çatdı, yaz gəldisə də 11 a sinfi isinmədi ki, isinmədi. Pəncərədən Günəş uşaqların gözlərini qamaşdırsa da, sinif isinmədi. Birtəhər soyuq ayları başa vurdular. 


Bir gün 11 a-nın uşaqları bir yerə yığılıb söhbət edirdilər:
- Bütün uşaqlar gəzməyə gedir. Bir yerdə ad günü qeyd eləyirlər, kollektiv şəkildə gəzintilər təşkil eləyirlər, təkcə bizdən başqa. Uşaqlar, belə olmaz. Gəlin, biz də bir yığıncaq, ya maraqlı bir tədbir təşkil edək, şənlənək, yadigar şəkil çəkdirək...
- Əlbəttə, edək, bu gün-sabah məktəbi qurtarırıq, amma hələ bu vaxta qədər heç yerə getməmişik! Hər gün ev, məktəb, dərs. 
- Nə olsun ki məktəbdə ən nümunəvi sinif biz sayılırıq, təşkilatçılıqda, gəzməkdə, əylənməkdə isə ən passiv sinifik! 
- 40-50 yaşındakılarnan bizim heç bir fərqimiz yoxdur. Atam da hər gün evə gəlir dincəlir, yeyir, yatır, mən də…
- Elə hamımız o gündəyik. 
-  Başımız qarışıb oxumağa, bir vaxt gözümüzü açıb görəcəyik ki, hərəmiz bir tərəfə dağılışmışıq. Sonra həsrətlə zəng edib bir-birimizi axtaracağıq. Bizim sinif nümayəndəmiz çox zəifdir. Təşkilatçılığı qəti  yoxdur.
- Günahı mənim boynuma atmayın! Neçə dəfə demişəm gəlin bir yerdə gəzməyə gedək, bir yerə, hərəniz bir kənara çəkilmisiz. Hər dəfə də bir neçə nəfər yaxasını bəhanə ilə bir tərəfə çəkib, mən də həvəsdən düşmüşəm. Məgər sinif uşaqlarının bir yerə getməsi üçün kimə isə yalvarmaq lazımdır? Bizim sinifdə təşkilatçılıq yoxdur, mən həmişə demişəm. Axırda mən günahkar qalıram! Sözün düzü mən yorulmuşam, qoy sizlərdən kimsə təşkilatçılığı boynuna alsın, mən də ona kömək elərəm. 
- Anar düz deyir, mən özüm şahidəm. Yazıq uşaq neçə dəfə çalışıb, dəridən-qabıqdan çıxıb, bəzilərinə az qala yalvarıb, nəticədə danışmaqdan başqa ortaya heç nə çıxmayıb. Bizim sinifdə birlik yoxdur. 
- Düzdü, hər şeyi sinif nümayəndəsinin üstünə atmayaq. Bir həftəyə son zəngdir. Heç olmasa gəlin, son zəng  ərəfəsində, ya da ondan sonra gəzməyə gedək! 
- Hamımız boynumuza alaq ki, vaxt tapan kimi planşetlərdə, telefonlarda  oyun oynamağa qaçırıq. 
- Mən heç oyun oynamıram, amma  heç yerə gedən deyiləm, evdən qoymurlar! 
- Sizinkilər də yaman geri qalıb. Az qalırlar sənə çadra geydirələr. Bax, indi rəfiqən Gülnar deyəcək ki, İradəni evdən qoymurlar, onda mən də gəlməyəcəyəm. 
- Sözsüz! Rəfiqəm olmayan yerdə mənim nə İşim var. Ora mənim üçün darıxdırıcı olar.
- Yenə hərə çəkildi bir tərəfə. 
- Nə isə uşaqlar, mən müəllim yanına getməliyəm, belə çıxır ki, bu günlərdə biz bir yerə yığışa bilməyəcəyik. Di salamat qalın, mən getdim!
- Hara getdin, biz ki hələ bir qərara gəlməmişik! 
- Qərara gələndə mənə zəng edərsiz. Neçə ildir bir yerdəyik, elə hey danışırıq, nəticədə hələ bir dəfə də bir yerə yığışıb, bir bayramı birgə qeyd eləməmişik.

Yəqin indi də belə olacaq. Hələlik, görüşənə qədər, mən getdim! 
Hər dəfə nə qədər mübahisə eləsələr də sinif uşaqları bir qərara gələ bilməz, nəticədə bir tədbir, bir əyləncə təşkil eləyə bilmədən ayrılardılar. 


Dərs ili başa çatdı. 11 a sinfinin şagirdləri də məktəbi bitirdilər. Nümunəvi sinfin nümunəvi məzunları ali məktəbə imtahan verərkən də nümunəvi oldular. Ən yüksək ballarla ali məktəblərə daxil oldular. Bütün məzunlar sevinclərini bir-birləri ilə paylaşmaq üçün bir yerə yığıldılar, dedilər, güldülər. 11 a sinfinin də uşaqları bir yerə yığıldılar, amma onlar nə dedilər, nə də güldülər. Çünki sinifdəki soyuqluq onların canına, qanına keçmişdi. Sanki uşaqlıq qəhqəhəsi onlardan incimiş, küsüb çıxıb getmişdi. Yaşlarından tez böyümüşdü onlar.  


Yaşlarından tez böyümüş yeniyetmələr bir-birlərinə deməyə xoş söz axtardılar, tapmadılar. Bilmədilər necə zarafat etsinlər ki, gülməli alınsın. Bu sinif yeganə sinif idi ki, burda bir-birini sevən olmadı. Sanki sinfin soyuqluğu ürəklərə də hopmuşdu. Xatirə dəftərləri də yazılmadı bu sinifdə. Çünki xatirələr də soyuqdan donmuşdu. Bu sinifdə uşaqlıq illəri soyuqdan donmuşdu.