Tutunun hədiyyəsi

Müəllif: Gülzar İbrahimova

İbtidai sinfi bitirməyiniz münasibətilə sizi hər yana aparacağam! 
Uraaaa! – uşaqlar elə bərkdən qışqırdı ki, sinifdə uğultu qopdu. 
Arzu müəllimə, bulvara da gedəcəyik?
Bulvara da!.. – Müəllimə deyib uşaqları sakitləşdirdi. Suallar kəsilmirdi:
Zooparka da gedəcəyik?
Əlbəttə!
Uraaa!
Dənizə də gedəcəyik? 
Dənizə də gedəcəyik! – Müəllimə tələsik fikrini dəyişdi. – Yox, dənizə getmərik, qorxuram üzüb uzağa gedəsiz, - deyəndə Qasıma baxdı. 
Gedək də dənizə, müəllimə, nə olar... – deyə Ləman az qala yalvardı. Ləman müəllimənin sevimlisi idi deyə, xətrinə dəymədi: “Yaxşı, - dedi, gedərik!”. 
Qasım da gedəcək? – Ləman soruşanda hamı səsini kəsdi. Qasım sinfin ən pis oxuyanı, ən dəcəli idi. Hər gün mütləq kimisə hirsləndirər, müəlliməni acıqlandırardı. Tez-tez qızları ağladar, oğlanlarla dalaşardı. Nəyi isə sındırar, nəyisə dağıdardı. Bütün bunları eləməyəndə sanki, özünə yer tapa bilməzdi. Ən pisi də o idi ki, müəllim məktəbə valideynini çağıranda nənəsi gələr, Qasımdan başqa hamını danlayar, tənqid edərdi: “İşləyə bilmirsiz, uşaqlarla dil tapa bilmirsiz!”. “Sinif çox pis sinifdi, uşaqları dəymə-düşərdi!”. Belə deyər, hamını hirsləndirərdi.
Arzu müəllimə neçə dəfə Qasıma görə ağlamışdı. Qasım pəncərəni sındırmış, valideynləri şüşənin pulunu ödəməmişdi. Neçə dəfə müəllimə cibindən pul verib şüşə saldırmışdı. Harda Qasım vardı, orda söz-söhbət, dava vardı. 
Ona görə də “Qasım da gedəcək?” sualının cavabını uşaqlar maraqla gözləyirdi. Müəllimə güya sualı eşitmədi. Əvəzinə Qasım cavab verdi:
Görürsüz, müəllimə! Sonra deməyin ki, niyə Ləmanın saçını dartdın?
Qasım, Ləman səhv sual verdi. Əlbəttə gedəcəksən. Amma söz ver ki, hara getsək, özünü yaxşı aparacaqsan! Uşaqlar, sabahdan gəzintiyə başlayırıq!
Uraaa!
Gəzinti zooparkla başladı. Uşaqlar sevinirdi. Onlardan neçəsi ilk dəfə idi zooparka gəlirdi deyə, ağızları açıla qalmışdı. Bəziləri hətta evdən peçenye, fındıq gətirmişdi ki, heyvanlara versinlər. Amma lövhədə “Heyvanlara, quşlara yem atmaq qadağandır”, elanını görəndə fikirlərini dəyişdilər. 
Qasım gizlincə heyvanlara yem verdi. Kələm parçasını dovşana atdı, dovşan da ləzzətlə yedi. Amma yeyəndə elə bil boğulan kimi oldu. Onu öskürək tutdu. Qasım güldü. Uşaqlar bir Qasıma, bir dovşana baxıb heç nə başa düşmədilər. Bir azdan eyni şey meymunla baş verəndə hamı məəttəl qaldı. Bu dəfə Qasım meymuna şokolad vermişdi. Özü də meymun öskürdükcə gülməkdən az qala ikiqat olurdu. Yaxınlıqdakı təlimatçı dedi:
Nə olub görəsən bu heyvanlara, coxu öskürür... Deyəsən nəsə baş verib, məəttəl qalmışam. Bəlkə yeməkləri köhnə olub? Gedim həkimə deyim!
Bu vaxt Qasım gedib o yanda qarnını tutub bərkdən güldü. Müəllimə soruşdu:
Nə olub Qasım, nəyə gülürsən, - deyə soruşanda reproduktordan həyəcanlı səs eşidildi:
Vətəndaşlar! Sizdən xahiş edirik, heyvanlara yem atmayın, onların həyatını təhlükədə qoyursız. İndicə kimsə Tovuz quşuna, meymuna, dovşana, bala ayıya acı bibər yedirdib, heyvanlara pis təsir edib.
Arzu müəllimə Qasıma şübhəli baxıb, ona acıqlandı:
İndi başa düşdüm bayaqdan niyə xısın-xısın gülürsən? Axı söz vermişdin pis hərəkət eləməyəcəksən? – müəllimə belə deyəndə, yenə səs gəldi:
Xahiş edirik Zürafənin yanındakı uşaqlar müdüriyyətin otağına yaxınlaşsın! 
Arzu müəllimə kabinetə girəndə müdür həyəcanla danışdı. Kabinetdə həkim də var idi. Müəllimə müdürün otağından hirslənmiş çıxdı. Ona kamerada Qasımın necə heyvanlara yem atdığını göstərmişdilər. Həkim isə meymunun qarşısından içərisinə açı bibər qoyulub şokolada bükülmüş “konfeti”, tovuz quşuna atılmış, çörəyə bükülmüş acı bibəri müəlliməyə göstərmişdi. Arzu müəlliməyə xəbərdarlıq edib, onu cərimə elədilər. Qasım isə utanmaqdan dodaqaltı gülürdü. 
Ləman Qasımı acıladı. O biri uşaqlar da onu tənbeh elədilər. Həmişəki kimi Arzu müəllimə Qasımın anasını məktəbə çağırdı, əvəzinə yenə nənə gəldi. “Qasım elə iş görməz! Görübsə də, anlamayıb, böyüyəndə elə eləməz!”, deyib getdi.
Arzu müəllimənin ürəyi çox yumşaq idi. O ikinci dəfə Qasımı Qobustana aparmaq istəməsə də, onun yalvarıcı baxışlarını görüb dedi:
Uşaqlar, Qobustana Qasım da gedəcək! Yəqin səhvini başa düşüb. 
Qobustanda əvvəl Qasım özünü sakit apardı. Heç kəsi itələmədi, heç kəsi hirsləndirmədi. Qayadan da tez düşdü. Arzu müəllimə fikirləşdi: “Qoy düşsün, hər yan qayalıqdır, neyləyəcək?”. “Düş oğlum, düş”, - dedi. Amma təəssüf ki, bir azdan aşağıdan təlimatçılar müəlliməni və uşaqları yarımçıq aşağı düşürdülər. Arzu müəllimə nigaran qaldı. “Görəsən nə olub?”. Qoruğun direktoru, təlimatçılar hirslə Qasımı göstərib həyəcanla danışırdılar. Müəllimə qaya təsvirlərində Qasımın xəttini tanıyıb dəşhətə gəldi, onlardan üzr istədi. 
Qayadakı qaya şəkillərinin üstü qara flomasterlə yazılmış, hər rəsmə ad qoyulmuşdu: “Ləman, Hüseyn, Sərifə, Tahir, Seymur, Nurgün...”. Bunları görəndə müəllimənin dizləri əsdi. Ürəyini tutub soruşdu:
Burda tibb məntəqəsi var?
O, ürək dərmanı içsə də, bununla səhv bağışlanmadı. Çünki burda da hər şey kameradan görünürdü. Cərimə ödənməli idi və ödəndi də.
Üçüncü gün uşaqlar Bulvara - “Venetsiya” körpüsünə yığışdılar. Hamı sevinirdi. Çünki, Arzu müəllimə “Sabahkı gəzintiyə Qasım getməyəcək!”, demişdi. Amma sevinc uzun sürmədi. Bulvara çatan kimi Qasımı və nənəsini gördülər.
Qasım sinif yoldaşlarını görüb sevindi. Özünü onlara göstərmək üçün qaçıb tullandı ikinəfərlik yelləncəyə. Bu vaxt elə bir qəribə hadisə baş verdi ki, hamı məəttəl qaldı. Yelləncəyin altından bir tutuquşu çıxdı, uçub getmək əvəzinə, qondu Qasımın çiyninə. Uşaqlar həyəcanla qışqırışdılar: “Ona baxın, tutuquşuya baxın!”, “Necə gözəldir!”, “Qanadlarında hər rəng var!”, “Ən çox qırmızı, yaşıldır!”, “Lap multfilmdəki Keşaya oxşayır!”, “Aaaa, Qasımın çiyninə qondu, uçub getmək istəmir!”. Qasım heç nədən qorxmasa da, quşun bu hərəkəti onu bir az diksindirdi:
Rədd ol, çıx get, uç, uç! – Deyib qışqırdı, quşu qovdu. Quş bir neçə dəfə qalxsa da, yenə qayıdıb Qasımın çiyninə qondu. Nənə aralıda idi. Qasımın səsini eşidəndə, tez qaça-qaça gəlib “Kışşş, kışşşş!”, eləyə-eləyə çantası ilə quşu qovdu. Arzu müəllimə zarafatla dedi: 
Qasım, sən olan yerdə sakitlik olması mümkün deyil! – Hamı gülüşdü.
Çimərliyə gedəndə Qasıma deməsələr də, ora da nənəsi ilə gəlmişdi. 
Qasım dənizdə də balaca, çəlimsiz Azərin başını suya soxub o qədər saxladı ki, uşaq az qala boğulacaqdı ki, müəllimə gördü.
Bu dəfə müəllimə yaman hirsləndi... O, bu vaxta qədər nə qədər hirslənmişdi, heç vaxt kiməsə əl qaldırmamışdı. İndi dözmədi:
Qasım neyləyirsən, uşaq boğuldu! – deyib Azəri onun əlindən aldı, Qasıma da sillə çəkdi. Qasımın nənəsi yenə Qasımı müdafiə elədi:
İxtiyarınız yoxdur, şagirdə əl qaldırmağa! Mən Nazirliyə şikayət edəcəyəm. 
Ziyafət xala, Azər az qala boğulurdu, siz isə Qasımı müdafiə edirsiz.  
Zarafat eləyirdi uşaqdır, oynayır! Gözünüz Qasımı götürmür? Bilmirəm yazıq uşaq sizə neylıyib?..
Bu macəralarla dərs ili başa çatdı, yeni dərs ili başladı. Uşaqlar 5-ci sinfə keçdi. 
Tətildən qayıdanda uşaqlar bir az da böyümüşdülər. Çoxu qaralmışdı. Hamı yayda gördüklərini bir-birinə danışırdı. Qasım tək qalmışdı, söhbət eləməyə yoldaşı da yox idi. Xasiyyəti heç dəyişməmişdi. Hərəyə bir az qulaq asıb, lağ eləyir, hirsləndirir, acıq verirdi. 
Bir azdan təzə müəllimə sinfə girdi. Bir az keçmişdi, sinfə çox maraqlı bir “təzə qız” da gəldi. O çox gözəl idi. Amma qəribə idi ki, əynində şagirdlərdən fərqli olaraq, rəngarəng geyimi vardı. Yaşıl köynək, üst-üstə qat-qat tikilmiş qırmızı tuman geyinmişdi. Məktəbli formasına oxşasa da, alabəzək, bayramsayağı idi. Müəllimə onu başdan-ayağa süzüb soruşdu:
Nə istəyirsən?
Məni bu sinfə göndərdilər!
Adın nədir? Belə rəngli paltarda məktəbə gələrlər?
Adım Tutudur. Biz Türkiyədə - Quş adasında yaşayırıq. Müvəqqəti Bakıya gəlmişik. Oxuduğum liseydə, məktəbli formamız belədir.
Müəllimə təəccüblə dedi:  
Xoş gəlmisiz! Otur Tutu! Ala bilsən, uşaqların formasından alıb geyinərsən!
Yaxşı, burda çox qalası olsaq, alaram! – Tutu sinfə göz gəzdirdi. Bir neçə uşaq tək otursa da, Tutu Qasımın yanında oturdu. Bu Qasımın xoşuna gəlmədi. Üz-gözünü turşutdu. O, istəmirdi onunla qız otursun.   
Arzu müəllimə jurnalı yoxlayandan sonra soruşdu:
Kimin adı çıxmadı?
Tutunun! – deyə Qasım Tutunun əvəzinə cavab verdi. - Jurnalda adı yoxdu, yəqin başqa sinfə getməlidi. Tutu Qasıma göz süzdürüb ayağa qalxdı:
Düzdü, adım hələ jurnala yazılmayıb. Çünki hələlik dinləyiciyəm.
Aradan bir neçə gün keçdi. Tutu az bir vaxtda özünü elə göstyərdi, Qasım ona elədiyi kobudluğa görə peşman oldu. Tutu həm gözəl, həm səliqəli, həm çox savadlı, həm də mehriban idi. İnşanı, imlanı, riyaziyyatı yazıb qurtaran kimi Qasıma verirdi ki, o da yazsın. Bildiklərini Qasıma öyrədirdi. Qasım deyirdi:
Tutu hamınızdan yaxşıdır. Bir dəfə də görməmişəm ki, biriniz deyəsiz, hesabı yazmışam, al, sən də köçür, “2” alma. Çox paxılsız!
Darıxma, bir gün Tutu da səni tanıyacaq, yerini dəyişəcək! Onda baxarıq!
Tutu uşaqların mübahisəsinə qoşulmaz, heç kəsin qəlbinə dəyməzdi. Həmişə, hər işdə Qasıma kömək eləyərdi. Onlar elə dostlaşmışdılar, hətta evə də bir gedirdilər. Əvvəl Qasım evlərinə çatırdı. Sonra da Tutu yoluna davam edirdi. Bir-iki dəfə Qasım demişdi, “Səni evinizə ötürüm”, Tutu razı olmamış, “Dərsdən sonra yorğunsan, ötürmə, sağ ol!”, demişdi.
Tutu sinfə gələndən Qasım yavaş-yavaş dərslərindən “yaxşı” qiymət almağa başladı. Daha onu danlamır, “oxumursan”, “tənbəlsən”, demirdilər. Qasım əlaçılara baxıb paxıllanmır, hirslənmir, heç kəsi də hirsləndirmirdi. Dərsi başa düşməyəndə Tutu saatlarla onlarda qalır, Qasım başa düşməyincə evlərinə getmirdi. Onların dostluğu gündən-günə möhkəmlənirdi. Bu dostluq Qasımı o qədər sevindirirdi ki...Tutu ona dərs öyrənməyin asan yollarını öyrədir, deyirdi:
Bax, müəllim təzə dərsi danışdı, başa düşdün, düşmədin diqqətlə qulaq as. Evdə o dərsi kitabdan bərkdən oxuyaraq yaz ya maqnitafona, ya da diktafona. Yadında qalana qədər təkrar-təkrar qulaq as!
Bu üsul Qasımın çox xoşuna gəldi. O, az vaxtda əlaçı olmasa da, yaxşı oxuyanlar sırasına qoşula bildi. Qasım daha kitabları qarşısına töküb, hirslənə-hirslənə müəllimlərin qarasınca deyinmirdi. Evdə, məktəbdə, belini əyib gəzmir, əksinə başını dik qaldırıb şəstlə gəzirdi. Çünki daha heç kəsin yanında səhvi yox idi. Yalan danışmağa, dalaşmağa da ehtiyac yox idi. Hətta onunla dost olmaq istəyənlərin sayı gündən-günə artırdı. Bir gün o Tutuya etiraf elədi: 
Bütün dəyişikliklərə görə, hamının mənə olan münasibəti dəyişdiyinə görə mən sənə minnətdar olmalıyam, Tutu! –  Qasım heç kimə belə ürək sözləri deməmişdi deyə, utandığından başını aşağı saldı. Sonra o, Tutunu ad gününə dəvət elədi. Tutu desə də, ad gününə gələ bilməyəcək, Qasım onu çox gözlədi. Tutunun dediyinə görə onlar həmin gün Quş adasına qayıtmalı idilər.      
Hamı Qasımın ad gününə gəlmişdi. Bircə Tutu yox idi. Qasım darıxsa da, uşaqlara bildirmədi. Ad günü başa çatandan sonra uşaqlar gedəndə pəncərədə gözəl tutuquşu gördülər. Bir xeyli quşa, onun gözəlliyinə tamaşa elədilər. Quş uçmaqdansa, bir az da pəncərəyə yaxınlaşdı. Uşaqlar pəncərəni açmadı ki, quş hürkməsin. 
Uşaqlar gedəndən sonra Qasım gördü Tutuquşu bir məktubun üstündə dayanıb, maraqlandı.. Pəncərəni açdı, məktubu götürəndə quş uçub getdi. Qasım məktubu açan kimi Tutunun xəttini tanıyıb təəccübləndi. Məktubu oxudu: “Dostum, Qasım, ad günün mübarək!”. Təbrik edirəm və həmişə belə qalmağını arzu edirəm! Yadındadırsa, bir gün uşaqlarla bulvarda idin. O vaxt qanadım yelləncəyin altında qalmışdı, uça bilmirdim. Sən yelləncəyə atıldın, yelləncəyin bir tərəfi qalxdı, özün də bilmədən  məni xilas elədin. O gündən sənin yaxşılığının əvəzini çıxmaq istədim. Son dəfə mənə minnətdarlıq elədin və başa düşdüm ki, sənə yaxşılığım dəyib. İşimi sona çatdırmış hesab edib səndən ayrılıram. Əlvida, Tutu!”.
Qasım məktubu bir neçə dəfə oxudu. Yağış başladığından pəncərəni örtdü. Pəncərədən məktuba bir damla yaş düşdü. Mən ayırd edə bilmədim, bu Qasımın göz yaşı idi, yoxsa pəncərədən içəri düşən yağış damlası.