Dəcəl Keçəl

Müəllif: Gülzar İbrahimova

Biri var idi, biri yox idi, bir dəcəl oğlan var idi. Dəcəl oğlan baba-nənəsini çox istəyir, onlarla qalırdı. Məstan adlı balaca pişik onun dostu idi. O, bütün günü toyuqları qovur, keçilərin buynuzunu dartır, dama çıxıb ordan ot tayasının üstünə tullanır, bir sözlə, sakit dayanmırdı.  
Baba-nənə onu «dəcəl» deyə çağırırdı. Bir gün baba Dəcəlin başını təmiz qırxdırdı. Ondan sonra hamı onu "Dəcəl keçəl" deyə çağırdı. 
Dəcəl keçəlin bir sapandı (raqadkası) vardı. Kim onu incitsəydi, nişan alıb atardı. Həyətdəki heyvanlar, quşlar sapanddan çox qorxardı.
Bir gün baba samovarı alışdırmaq üçün meşəyə çör-çöp yığmağa getmək istəyəndə Dəcəl keçəl dedi:
- Baba, sən əziyyət çəkmə, mən odun yığıb gətirərəm!
Meşə yaxın idi deyə, baba razılaşdı:
- Get, amma tez gəl! 
Dəcəl keçəl meşəyə çatıb təzəcə başlayırdı ki çör-çöp yığsın, bir ayı gəldi. Ayı bildi yaxına gedib oğlanı yesə, səsə ovçular gələr, onu öldürərlər. Hiyləyə əl atdı: 
 - Oğlan, acından ölürəm, ağaca çıxsam, budaq sınar, armud dər, yeyim. 
Dəcəl keçəl razılaşsa da, Ayının qorxusundan lap yuxarı çıxdı. Ayı nərə çəkib, amud ağacını silkələdi. Armudlar yerə töküldü. Dəcəl keçəl ağacdan bərk-bərk yapışsa da, armudların arxasınca düşdü. Ayı Dəcəli yerə düşməyə qoymadı. Onu havada uddu. 
Dəcəl keçəl yalnız "baba" deyə qışqıra bildi. Baba səs eşidib meşəyə qaçdı. Uzaqdan çör-çöp torbasını, yanında Dəcəl keçəlin sapandını və Ayını görəndə hər şey ona məlum oldu.
 Ayının yaxasından tutub qışqırdı:
- Hanı mənim nəvəm?
Ayı günahsız görkəm alıb dedi:
- Ağacı çırpdım, ağzımı da açdım ki, armudlar ağzıma düşsün. Sən demə, ağacda oğlan varmış. Düşdü ağzıma, bilmədim, onu da uddum, bağışla!
Baba bərkdən "nənə", çağırdı. Nənə həyətdə samovar yandırırdı. Səs eşidib meşəyə qaçdı. Ayını görüb soruşdu:
 - Qoca babanı görməmisən?
 Ayı hər şeyi nənəyə də danışdı. 
Nənə maşanı qaldırdı Ayını vursun, Ayı nənəni uddu. Nənə bircə "ovçu" deyə qışqıra bildi.  
Ovçu səsə gəldi. Gördü yerdə bir sapand, bir çomaq və bir maşa var. Soruşdu:
- Bunlar kimindir?
Ayı hər şeyi ovçuya danışdı. Ovçu silahını qaldırıb qışqırdı:
- Pəncələr yuxarı!
 Ovçu atəş açanda baxdı gülləsi yoxdur. 
Ayı ovçunun üstünə cumdu, pəncəsini qaldırıb onun başından elə vurdu, ovçu ayını dörd gördü. Ayı onu da uddu. 
Balaca Məstan Pişik dostu Dəcəl keçəli axtaranda Ayıya rast gəldi. Ayının qarnı elə şişmişdi yerindən tərpənə bilmirdi.
 Məstan Pişik Dəcəl keçəlin sapandını ayının yanında görəndə hər şey ona məlum oldu.  
Onun üstünə qışqırıb soruşdu:
- Hanı Dəcəl keçəl? 
Ayı dedi:
- Görmüşəm də, yemişəm də!
Məstan Pişik bərkdən miyoldadı:
- Bu saat sənin dərsini verərəm!
 O, ayıdan qorxsa da, dostunun yolunda qəhrəmanlıq elədi. Sapandı götürüb arasına daş qoydu. Sonra Ayının gözlərini nişan aldı. Amma bütün bunları elə gec elədi ki, Ayı onu da sapand qarışıq uddu.
Vay, vay... 
Məstan pişik Ayının qarnına düşən kimi Dəcəl keçəl sapandı götürüb, var gücü ilə dartdı. Sapanddan çıxan daş Ayının qarnına elə dəydi, Ayının qarnı partladı.
Dəcəl keçəl, Baba, Nənə, Ovçu və Məstan Pişik onun qarnından çıxdılar. Canları acgöz Ayıdan qurtardı.