Əsnadın nağılı

Müəllif: Gülzar İbrahimova

Biri vardı, biri yoxdu, bir qoca baba vardı. Onun Əsnad adlı nəvəsi, İmdad adlı quzusu, Fəryad adlı iti vardı. Əsnad quzu ilə dost idi. Hara gedirdi, qıvrımsaç quzunu da özü ilə aparırdı.
Əsnad heyvanları o qədər sevirdi ki, onların dilini də bilirdi. 

Hər gün quzusunu da götürüb bağları, çəmənləri gəzirdi.
Çox uzağa getməyin, vəhşi heyvanlara rast gələrsiz. - Baba deyirdi.
Əlimdə çomağım var. Yaxınlaşanı çomaqla vuraram! 
Heyvanlar balaca qızdan qorxmur!
Balaca qızlar da heyvanlardan qorxmur. 
Əsnad heç nədən qorxmurdu. O bir dəfə quzusunu ilandan, bir dəfə də vəhşi Qartaldan xilas eləmişdi. Bu belə olmuşdu. 

Bir dəfə Əsnad quzusu İmdadı ot tayasının kölgəsində oturtdu, özü isə getdi quzuya yemlik yığsın. İmdad yemliyi xoşlayırdı.
Əsnad yemliyi  gətirəndə gördü ki, quzu yatıb, bir ilan da səssizcə ona tərəf sürünür. Əsnad qorxdu ki, ilan quzunu çalar, tez yabanı götürdü, yabanın dəmir dişləri ilə ilanın yolunu kəsdi. İlan fısıldayıb, getdi.  
Əsnad quzunu qucaqladı. İmdad başını Əsnadın üzünə sürtdü. 
Aradan neçə gün keçdi. Bir gün yenə Əsnad İmdadla çəməndə gəzirdi. Əsnad iki dəstə yemlik yığdı, bir dəstəsini İmdada yedirdib dedi:
O biri dəstəni saxlayıram, axşam yeyrəsən!
Quzu yemliyi ləzzətlə çeynəyə-çeynəyə başının hərəkəti ilə “yaxşı”, dedi. 
Onlar şən-şən gəzib evə qayıdanda pis hadisə oldu. Qəflətən havadan bir Qartal hücum edib İmdadın belindən yapışdı, onu havaya qaldırdı. 
Əsnad qışqırdı, İmdad mələyib imdad elədi. Amma Qartal quzunu buraxmadı. Əsnad işi belə görəndə Qartalı aldatdı:
Quzunun beli bitlə doludur, buraxmasan, bitlər sənə darışacaq. 
Bunu demişdi, Qartal quzunu buraxdı. Quzu otluğa düşdü. 
Əsnad İmdadın yanına qaçanda, bu dəfə Qartal qayıdıb Əsnadı tutdu. 
Qız çapalasa da, Qartalın iri caynaqlarından canını qurtara bilmədi. 

Qartal Əsnadı aparmaqda olsun, görək, baba neylədi...
Baba ot biçməkdən qayıdanda gördü həyətdə samovar yanmır. Həyət sulanmayıb. İmdad mələyib qarşısına çıxmadı. Əsnad “Babam mənim”, deyib, qaçıb onu qucaqlamadı. O saat başa düşdü ki, nəsə olub. 

Kəndə haray saldı ki, Əsnad itib. Hamı Əsnadı axtarmağa başladı.  
Hamı Əsnadı axtarsın, biz də axtaraq... Gəlin görək, Qartal Əsnadı hara a pardı. 
Elə ki Qartal Əsnadı caynağına aldı, Əsnad nə qışqırdı, nə ağladı. Bir yalan fikirləşdi ki, Qartalı aldatsın, ona görə dedi:
Məni burax, gedim totuş quzumun bitlərini təmizləyim, sənə verim. 
İstəmirəm! - Qartal dedi.
Bəs onda quzunu niyə tutmuşdun?
Tutmuşdum ki, yeyim, amma mən bitli quzu xoşlamıram. 
Bəs məni hara aparırsan, mənim ətim var ki... Bir dəriyəm, bir sümük.
Aparıram mənə yemlik yığasan. Yemlikdən xoşum gəlir. 
Aşağı düşürt məni, nə qədər istəsən sənə yemlik yığım. 
Səni yuvama aparıram, orda mənimlə yaşarsan, hər gün mənə yemlik yığarsan.
Yığmasam neylərsən?
Səni yeyərəm!
Qaçıb evimizə getsəm, onda neylərsən?
Tutub yeyərəm!

Əsnad daha danışmadı, Qartalın əlindən canını qurtaraq üçün bir yol axtarmağa başladı. 
Qartal uçdu, uçdu, bir sıldırım qayanın başında bir mağaraya girdi. Sıldırım qaya elə uca idi ki, qartal qoysaydı da, ordan enmək olmazdı. 
Əsnəd istədi ağlasın, ağlamağı gəlmədi. İstədi qışqırsın, bildi ki, xeyri olmayacaq. Burdan qurtarmaq üçün yol fikirləşməyə başladı. 
O gündən Qartal hər gün Əsnədi caynağına alır, aparıb bir çəmənlikdə yerə qoyur, qız Qartala yemlik yığırdı, Qartal yeyir, doyan kimi yatırdı. 
Sonra Əsnəd yenə yemlik yığırdı ki, özləri ilə aparsınlar. 
Bir gün Əsnəd bir qucaq yemlik yığdı. Onu Qartala verəndə ağladı. 
Nə olub? - Qartal soruşdu.
Quzum İmdad yadıma düşdü. İndi ona heç kəs yemlik vermir. Yəqin o da hər gün məni yadına salır, ağlayır. 
Nə istəyirsən?
İstəyirəm mən yemlik yığanda bir bağlama da ona aparasan, göydən onu quzumun qarşısında yerə salasan.
Yaxşı!

Səhər Qartal yenə Əsnədi çəmənliyə apardı. Əsnəd yemlik yığdı. Qartal həmişəki kimi yeyən kimi yatdı. 
Əsnəd gedib yenə yemlik yığdı. Yemlikdən dəstə bağladı. Sonra tez yun cırıqqasını söküb ondan uzun bir ip düzəltdi. İpin hər iki ucunu Qartalın ayaqlarına bağladı. İpin üstünə də yarpaq döşədi ki, Qartal ipi görməsin. 
Qartal yuxudan oyanıb təəccüblə soruşdu:
Yarpaqları niyə ayaqlarıma sərmisən?
Üstünü örtdüm, sənə soyuq olmasın!
Yaxşı elədin!
Quzuma yemlik yığdım, apara bilərsən?
Əlbəttə! – Deyib Qartal yemlik dəstəsini dimdiyinə alıb bir göz qırpımında qanad çalıb havaya qalxdı.
Əsnad yavaşca ipdən tutdu. Qartal uçanda o da havaya qalxdı. 
Qartal uçüb Qocanın daxmasının üstündən keçib yemliyi yerə saldı. 
Bu vaxt Qoca baba və İmdad da həyətdə idilər. Yemlik dəstəsini görən kimi sevindilər. Həmişə Əsnəd yemlik dəstəsini sarmaşıqla sarıyıb bağlayırdı. Bildilər ki, Əsnad hardasa yaxındadır. 
Ətrafa boylananda bir də gördülər ki, Əsnad ot tayasının üstündədir. O, ipin ucundan tutub elə gəlmişdi ki, Qartalın xəbəri olmamışdı. Ot tayasının yanına çatanda da ipi qırıb, tayanın üstünə hoppanmışdı. 
Baba, nəvə qucaqlaşdılar, sonra da Qartalı daşladılar. Quzu bərkdən mələdi, Fəryad da çoxlu hürüb Qartalı qorxutdu. Qartal elə qorxdu ki, daha heç vaxt bu tərəflərə gəlmədi. Həmin günü bütün dünyaya möhkəm bir yağış yağdı. Yağış da adi yağış deyildi. Sehrli süd yağışı idi. Süd yağışından bala quzular doyunca içdilər, sonra da şirin-şirin yatdılar.